IMG-LOGO

Humanitar maliyyələşdirmənin azaldılması 4 milyondan çox insanı evini tərk etməyə məcbur edə bilər

16 Apr 2026 13:38 10 baxış
IMG

2027-ci ilin sonuna qədər humanitar proqramların maliyyələşdirilməsinin azaldılması fonunda dünyada 4 milyondan çox insan evlərini tərk etməyə məcbur ola bilər.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Danimarka Qaçqınlar Şurasının baş katibi Şarlotta Slente bildirib.

Onun sözlərinə görə, qaçqınlara dəstək üzrə beynəlxalq sistem humanitar maliyyələşdirmənin azaldılması səbəbindən ciddi şəkildə zəifləyib, nəticədə milyonlarla insan əsas müdafiədən məhrum olub.

Agentlik qeyd edir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, dünyada təxminən 117 milyon məcburi köçkün var. Münaqişələrin sayı təxminən 130-a yüksəlib ki, bu da XXI əsrin əvvəlinə olan göstəricilərdən demək olar ki, iki dəfə çoxdur.

Müharibənin artıq dördüncü ildir davam etdiyi Sudanda köçkünlərin sayının daha çox artacağı gözlənilir. Təkcə bu müddət ərzində 13,5 milyon insan evlərini tərk etməyə məcbur olub, daha 670 minə yaxın insan isə yaxın iki il ərzində köçkünə çevrilə bilər.

Bundan başqa, vəsait çatışmazlığı səbəbindən BMT agentlikləri qonşu Çada qaçqınlar üçün su və ərzaq tədarükünü azaltmağa məcbur ola bilər.

Xəbər lenti