Tədqiqatçılar İngiltərə şair-dramaturq Uilyam Şekspirin Londondakı evinin dəqiq yerini müəyyən ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə London Kral Kollecinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məşhur dramaturq sözügedən mülkü 1613-cü ildə satın alıb. Bina Blekfrayers rayonundakı sakit bir küçədə yerləşib. Bunu London və Britaniya milli arxivlərində tapılan üç sənəd sayəsində müəyyənləşdirmək mümkün olub.
Həmin sənədlərdən biri 1668-ci ildə, böyük London yanğınından sonra tərtib edilmiş Blekfrayers rayonunun planıdır. Bu sənəd ingilis şairinin evinin dəqiq koordinatlarını və ölçülərini təsdiqləyir. Planda binanın yalnız bir hissəsi əks olunub: şərqdən qərbə 13.72 metr, şimaldan cənuba isə 4.57 metr.
Qeyd olunub ki, bu obyektlə bağlı yeni məlumatların tapılmasının mümkünsüz olduğu düşünüldüyü üçün uzun müddət idi araşdırmalar aparılmırdı.
Alimlərə əvvəllər də məlum idi ki, Şekspir bu ərazidə daşınmaz əmlaka sahib olub, lakin dəqiq ünvanı tapmaq mümkün deyildi. Hazırda Sent-Endryus-Hill, 5 ünvanında yerləşən XIX əsrə aid binanın üzərində şairin bu yerin yaxınlığında ev almasını təsdiqləyən xatirə lövhəsi asılıb.
Uzun müddət hesab edilirdi ki, Şekspir 1613-cü ildə Londonda ev aldıqdan sonra Stratford-apon-Eyvon şəhərinə köçüb. Lakin yeni kəşf göstərir ki, şair ömrünün son illərində Londonda əvvəllər güman edildiyindən daha çox vaxt keçirib. Qeyd edək ki, 1665-ci ildə Şekspirin nəvəsi bu evi satıb, 1666-cı ildə isə mülk London yanğını zamanı tamamilə məhv olub.
şekspir