ABŞ-nin sabiq prezidenti Co Baydenin oğlu Hanter Bayden 20 milyon dollardan çox borc toplayaraq kreditorlarla görüşməkdən yayınır.
"Report" xəbər verir ki, bu barədə "New York Post" (NYP) nəşri məlumat yayıb.
Sabiq prezidentin oğlunu iş adamı Co Kianinin Kaliforniyadakı malikanəsində, bütün Baydenlər ailəsinin toplaşdığı katolik Pasxasının qeyd edilməsi zamanı görüblər. Bundan əvvəl borclu şəxs maliyyə vəsaitinin olmamasına istinad edərək Cənubi Afrika ərazisində yaşadığını bildirmişdi.
Hanterin Malibudakı əvvəlki evi ötən il Kaliforniyada baş vermiş genişmiqyaslı meşə yanğınları zamanı ciddi zərər çəkib və hələ də "yaşayış üçün yararsız" hesab olunur.
Kiçik Bayden keçmiş hüquqşünasları ilə məhkəmə çəkişmələri fonunda bu ayın əvvəlində ABŞ-ni tərk edib və hətta hazırkı müdafiəçilərinin belə xidmət haqqını ödəyə bilməyəcək vəziyyətdə qalıb. Ümumilikdə, Hanterin Vaşinqtondakı nüfuzlu vəkil komandasına təqribən 15-17 milyon dollar, keçmiş dostu Kevin Morrisə 5 milyon dollar və başqa bir nəfərə isə daha 1 milyon dollar borcu yığılıb.
Qeyd edək ki, 2025-ci ilin may ayında Co Baydenin hələ ABŞ-nin prezidenti olduğu və Hanterin prezident iqamətgahına gəldiyi dövrdə Ağ evdə kokain tapılması ilə bağlı cinayət işinin istintaqı bərpa edilib. Bununla belə, Hanter özü israr edir ki, 2019-cu ildən bəri narkotik maddələr və spirtli içki qəbul etmir.