Uşaq dünyaya gəldikdən sonra bəzi ailələrdə gözlənilməz dəyişiklik baş verir: sanki ər və arvad “yox olur”, onların yerini isə yalnız ana və ata rolları tutur. Mütəxəssislər bu vəziyyəti valideyn tələsi adlandırır və bildirirlər ki, azyaşlı uşağı olan cütlüklərin təxminən 80%-i bu mərhələdən keçir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki. psixoloqların sözlərinə görə, əsas problemlər bir neçə tipik səhvdən qaynaqlanır.
Birinci səhv – cütlük olmağı unutmaq
Valideynlər bütün enerjini uşağa yönəldir, münasibətlər isə arxa plana keçir. Nəticədə tərəflər arasında emosional bağ zəifləməyə başlayır.
İkinci səhv – hər şeyin öz-özünə düzələcəyini gözləmək
Uşaq böyüyəcək, hər şey yaxşı olacaq düşüncəsi geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, uşağın qrafiki ilə yaşamaq və bir-birini görməməzlikdən gəlmək tez bir zamanda vərdişə çevrilir.
Psixoloqlar cütlüklərə məsləhət görür ki, yalnız özlərinə aid olan vaxt ayırsınlar. Məsələn, uşaq yatdıqdan sonra yarım saat belə olsa, telefonsuz və gündəlik qayğıları müzakirə etmədən birlikdə vaxt keçirmək münasibət üçün vacibdir.
Üçüncü səhv – yaxınlığı sevginin sübutu kimi tələb etmək
Doğuşdan sonrakı dövrdə yorğunluq, hormonal dəyişikliklər və yuxusuzluq libidonu azalda bilər. Seksuoloqlar bildirir ki, ilk ildə hər iki tərəfdə istəksizlik normaldır.
Eyni zamanda vurğulanır ki, yaxınlıq yalnız fiziki münasibət demək deyil. Qucaqlaşmaq, söhbət etmək, sakit bir çay içmək də emosional bağın qorunmasına kömək edir.
Dördüncü səhv – narazılığı içində saxlamaq
“Sən kömək etmirsən”, “mən hər şeyi tək edirəm” kimi fikirlər münasibətdə gərginlik yaradır. Mütəxəssislər hesab edir ki, sakit və səmimi söhbət qışqırıqdan da, susmaqdan da daha effektivdir.
Beşinci səhv – qadın və kişi rolunu unutmaq
Cütlüklər yalnız valideyn rolunda qalanda münasibət zəifləyir. Psixoloqlar bildirir ki, uşaqlarsız görüşlər zəruri ehtiyacdır. Hətta həftədə bir dəfə qısa müddətlik də olsa, birlikdə vaxt keçirmək vacibdir.
Araşdırmalar göstərir ki, uşağın doğulmasından sonra evlilik məmnuniyyəti azalır, lakin uşaqlar böyüyüb evdən ayrıldıqda yenidən yüksəlir. Bu dövrdə münasibətini qoruyan cütlüklər isə böhranı daha asan keçirir və tərəfdaş olaraq qalırlar.
Mütəxəssislər tövsiyə edir ki, hisslər haqqında danışın, yalnız gündəlik işlərdən yox, məsuliyyəti ədalətli bölüşdürün, bir-birinizi başqalarının yanında dəstəkləyin, münasibətinizi uşaqlardan əvvəlki dövrlə əlaqələndirməyi unutmayın.
Sonda vurğulanır ki, uşaqlar münasibətləri dağıtmır. Əksinə, problem onların hər şeydən daha vacib olduğu düşüncəsindən yaranır.
münasibət cütlük evlilik sevgini öldürür?