Aprelin 23-24-də Bakıda Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika üzrə İkinci forum keçiriləcək.
"Report" xəbər verir ki, enerji və nəqliyyat bazarlarının iştirakçıları üçün mühüm hadisələrdən biri olan bu tədbir cari geosiyasi reallıqlarda Orta Dəhlizin artan rolu fonunda keçiriləcək. Bu dəhliz Şərqlə Qərb arasında xam neft, neft məhsulları və neft-kimya məhsullarının tədarükü üçün kritik əhəmiyyətli marşrut statusunu qazanır.
Forum bu sahənin aparıcı nümayəndələrini, o cümlədən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Petronas", "KMG Kashagan" şirkətləri, "Pakistan Dəmir Yolları" və Qara dəniz Terminalının top-menecerlərini bir araya gətirəcək.
Şərqlə Qərb arasında dayanıqlı logistika marşrutlarının inkişafı, Xəzər regionunun infrastrukturunun genişləndirilməsi, geosiyasi risklərin idarə edilməsi və vahid ticarət əməkdaşlığı mexanizmlərinin tətbiqi əsas müzakirə mövzusudur.
Forum regionun Asiya və Avropa arasında strateji enerji körpüsü kimi rolunun möhkəmləndirilməsi və praktiki həllərin işlənib hazırlanması üçün əsas platformaya çevriləcək.
"Report" İnformasiya Agentliyi tədbirin rəsmi media-tərəfdaşı olacaq.