"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının XXXIII turunun səfər oyununda "Mançester Siti"yə 1:2 hesablı məğlubiyyəti şərh edib.
"Report" xəbər verir ki, o, məğlubiyyəti bir neçə səbəblə əsaslandırıb
"Bir neçə amil var. Uğur elementi var - topun qapıya düşüb-düşməməsi. İkinci epizodda top hədəfə getmədi və bundan sonra top Holanna dəydi. Fərdi bacarıq da rol oynayır - bu kimi anlarda sakit qalmaq, dəqiq olmaq və mümkün qədər qətiyyətli olmaq lazımdır. Məhz belə hərəkət etməliyik", - o deyib.
M.Arteta etiraf edib ki, müəyyən vəziyyətlərdə komandada konsentrasiya çatışmayıb, amma ümumilikdə oyun planlaşdırıldığı kimi idarə edilib və qalib gəlmək üçün əla şanslar olub:
"Biz çox yaxın idik, amma bu, kifayət deyildi və indi etiraf etməliyik ki, çox ciddi bir şansı əldən verdik. Bununla belə, qarşıda hələ beş oyun var. Yenidən başlamalı və irəliləməliyik, çünki bu oyunda bir çox müsbət məqamlar var idi. Bəzi əlverişli anlar oldu, amma eyni zamanda yüksək intensivlikli bir mübarizə idi - bu, gözlənilən idi".
Qeyd edək ki, "Mançester Siti" İngiltərə Premyer Liqasının XXXIII turunun ev oyununda "Arsenal"ı məğlub edib. Mançesterdəki "Etihad" stadionunda keçirilən oyun 2:1 hesabı ilə başa çatıb.