Azərbaycan Mərkəzi Bankının ötən ay lisenziyasının qüvvəsini məhdudlaşdırdığı və faktiki ləğv prosesində olan "Atasığorta" ASC-nin öhdəlikləri "Atəşgah Sığorta" ASC-yə ötürülüb.
"Report"un əldə etdiyi məlumata görə, aprelin 10-dan sonra baş verən sığorta hadisələri üzrə zərərləri "Atəşgah Sığorta" qarşılayır.
Xatırladaq ki, "Atasığorta" 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 8,256 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur. Yanvarın 6-da Azərbaycan Mərkəzi Bankı "Atasığorta"ya müvəqqəti inzibatçı təyin edib.
"Atəşgah Sığorta" isə 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manatdır. Şirkətin səhmlərinin 63 %-i "ISR Holding" MMC-yə, 27 %-i "Ran-Exim" MMC-yə, 10 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.