IMG-LOGO

Tramp və Munir ABŞ ilə İran arasında danışıqların bərpasını müzakirə ediblər

20 Apr 2026 14:50 5 baxış
IMG

Pakistan Ordusunun Qərargah rəisi Asim Munir ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını və Vaşinqtonla Tehran arasında danışıqların bərpası məsələsini müzakirə etdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Pakistanın təhlükəsizlik strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, Munir Trampa bildirib ki, ABŞ-nin İran limanlarını blokadaya alması sülh danışıqlarının bərpasına maneədir.

İddiaya görə, Tramp cavabında bu məsləhəti nəzərdən keçirəcəyini deyib.

Mənbə həmçinin qeyd edib ki, Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla əlaqə saxlayaraq Pakistana danışıqlar üçün nümayəndə heyəti göndərməsini xahiş edib. Lakin Pezeşkian bildirib ki, blokada ləğv edilənə qədər İran bu addımı atmayacaq.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Saatlarla davam edən müzakirələr razılaşma əldə edilmədən başa çatıb.

ABŞ Prezidenti Donald Tramp aprelin 15-də İran limanlarının dəniz blokadasının saxlanılmasına baxmayaraq, Hörmüz boğazının gəmiçilik üçün açıldığını elan etdi. Bu addım Çinlə münasibətlərin qorunub saxlanılması üçün atılmışdı. Daha sonra, aprelin 18-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bunu atəşkəs razılaşmasının pozulması və İran limanlarının ABŞ hərbçiləri tərəfindən davam edən blokadası ilə əsaslandıraraq, Hörmüzün bağlandığını elan edib.

Xəbər lenti