IMG-LOGO

Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək

20 Apr 2026 16:43 4 baxış
IMG

Naxçıvan Muxtar Respublikasında (MR) fəaliyyət göstərən məktəblərə 4300 kompüter veriləcək.

"Report"un yerli bürosunun məlumatına görə, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın Təfsilatlı Tədbirlər Planına uyğun olaraq Elm və Təhsil Nazirliyinin 2025–2027-ci illər üçün Tədbirlər Planı təsdiqlənib və icrasına başlanılıb.

Qeyd olunub ki, qarşıdakı dövrdə əsas hədəflərdən biri təhsil müəssisələrinin maddi-texniki bazasının daha da gücləndirilməsi, müasir texnologiyalarla təminatın genişləndirilməsi və rəqəmsal transformasiyanın sürətləndirilməsidir. Şagird-kompüter nisbətinin ölkə məktəblərinin səviyyəsinə (6:1) çatdırılması üçün ümumilikdə 4300 yeni kompüterin alınması planlaşdırılır. Artıq bu çərçivədə 2290 noutbuk alınıb və 2026–2027-ci tədris ilinin əvvəlində məktəblərə paylanacaq.

İlkin mərhələdə kompüterlər şagird kontingenti çox olan Naxçıvan şəhərində və rayon mərkəzlərində fəaliyyət göstərən böyük məktəblərə veriləcək. Proses mərhələli şəkildə davam etdiriləcək və növbəti mərhələdə daha 2100 noutbukun da təhsil müəssisələrinə çatdırılması nəzərdə tutulur.

Xəbər lenti