IMG-LOGO

Çexiya Rusiyanın ölkədəki səfirini şirkətlərə yönəlmiş təhdidlərə görə XİN-ə çağırıb

20 Apr 2026 17:52 4 baxış
IMG

Çexiyanın Xarici İşlər Nazirliyi (XİN) Çexiya şirkətlərinin ünvanına səslənən təhdidlərə görə Rusiyanın ölkədəki səfiri Aleksandr Zmeyevskiyə qəti etirazını bildirib.

"Report" Çexiya XİN-ə istinadən xəbər verir ki, səfiri XİN-in Avropa bölməsinin direktoru Hana Hubaçkova qəbul edib.

Diplomatın çağırılması barədə qərar ötən həftə xarici işlər naziri Petr Matsinka tərəfindən qəbul edilib.

Çexiya XİN-də ölkəyə, onun təşkilatlarına və müttəfiqlərinə qarşı belə bir ritorikanın tamamilə yolverilməz olduğunu bildiriblər.

"Məhz Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropada təhlükəsizlik sahəsindəki vəziyyətin ciddi şəkildə pisləşməsinə gətirib çıxardığı vurğulanıb. Çexiyanın Ukraynaya göstərdiyi yardımın bütün formaları beynəlxalq hüquqda möhkəm əsasa malikdir", - XİN-dən bildirilib.

Qeyd edək ki, ötən həftə Rusiya Müdafiə Nazirliyi Ukrayna üçün dron istehsal edən Avropa şirkətlərinin siyahısını dərc edib. Siyahıda Çexiyada filialları olan iki şirkət - Ukraynanın "DeVIRo" şirkətinin Çexiya filialının Praqa ünvanı və ya "PBS" şirkəti qeyd olunub. Rusiya tərəfi xəbərdarlıq edib ki, bu müəssisələr qanuni hərbi hədəflərə çevrilə bilər.

Xəbər lenti