IMG-LOGO

Milli Məclisin Belçika və Niderland parlamentləri ilə işçi qrupların fəaliyyətinin dayandırılması təklif edilib

21 Apr 2026 11:23 4 baxış
IMG

Milli Məclisin Belçika və Niderland parlamentləri ilə işçi qrupunun fəaliyyətinin dayandırılmasına dair təklif irəli sürülüb.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin aprelin 21-də keçirilən plenar iclasında deyib.

Çıxışında sözügedən ölkələrin parlamentlərinin Azərbaycanla bağlı qərəzli qətnamələrini pisləyən E.Mirzəbəyli qeyd edib ki, həmin sənədlər nə hüquqi əsaslara, nə də regiondakı real vəziyyətə söykənir:

"Bu sənədlər siyasi manipulyasiya nümunəsi olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə selektiv və riyakar yanaşmanın, açıq qərəzin, siyasi aqressiyanın növbəti təzahürüdür. Qətnamələrdə suverenlik və ərazi bütövlüyü prinsiplərinə istinad edildiyi halda, Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməsi kimi tamamilə əsassız iddiaların irəli sürülməsi sözügedən qərəzli kağız parçalarının mahiyyətini ortaya qoyur. Bu, təkcə ziddiyyət deyil, faktların məqsədyönlü şəkildə təhrif olunmasıdır".

Deputat Tural Gəncəliyev də Belçika və Niderland parlamentlərinin Azərbaycanla bağlı məlum qətnamələrini pisləyərək həmin sənədlərdə regiondakı müsbət proseslərə toxunulmadığını vurğulayıb.

O bildirib ki, adətən, demokratiyanı pozan, insan hüquqlarına hörmətsiz yanaşanlar bu məsələlər barəsində daha çox danışanlar:

"Həmin bu ölkələrin parlamentində heç bir dəfə də müasir dövrdə, keçmişdə, yaxın tariximizdə yeni müstəmləkəçilik siyasəti və yaxud, keçmiş müstəmləkəçilik siyasətləri haqqında danışmırlar. Ancaq başqalarına barmaq uzatmaq, başqalarının təqsirini axtarmaqla məşğuldurlar".

Xəbər lenti