Kubok matçlarında iki topluq fərq böyük üstünlük deyil.
Bunu "Report"a açıqlamasında "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Turan Tovuz" və "Zirə" arasında bu gün baş tutacaq cavab qarşılaşmasında şansları dəyərləndirib:
"Kubok oyunları fərqli ab-havada keçir. Birinci matçda qalib gələn "Zirə" üstünlük qazanıb. Amma bir məqam da var ki, komandalar 4 günlük qrafiklə oyuna çıxacaqlar və burada həmin üstünlük ani şəkildə bitə bilər".
E.Baxşıyev hazırlıq səviyyəsinin həlledici rol oynayacağını vurğulayıb:
"Kim daha hazırlıqlıdırsa, həmin komanda da finala daha yaxın olacaq. İki top fərqi də böyük üstünlük olmadığından, bugünkü oyunda nəticə hər iki komandanın xeyrinə dəyişə bilər".
Qeyd edək ki, qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da start götürəcək. İlk oyunda "Zirə" "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəlib.