Avropa İttifaqı (Aİ) Qara dəniz və nəqliyyat-enerji əlaqələrinin inkişafı üzrə yeni strategiya çərçivəsində Azərbaycan, Ermənistan və Türkiyə ilə qarşılıqlı fəaliyyəti aktivləşdirmək niyyətindədir.
"Report"un Avropa bürosu xəbər verir ki, bunu Avropa komissarı Marta Kos Lüksemburqda Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl bildirib.
Onun sözlərinə görə, yeni strategiyanın əsas elementlərindən biri Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş qarşılıqlı bağlılıq gündəliyidir.
"Bu gün biz Avropa Komissiyasının Qara dəniz üzrə yeni strategiyasının qəbul edilməsinin nə qədər vacib və doğru qərar olduğunu görürük, onun da tərkib hissələrindən biri qarşılıqlı bağlılıq gündəliyidir. Avropanı Mərkəzi Asiya ilə daha yaxşı əlaqələndirmək üçün biz Ermənistan, Azərbaycan və Türkiyə ilə əməkdaşlığı inkişaf etdiririk", - Kos qeyd edib.
O vurğulayıb ki, söhbət, ilk növbədə, ticarətin və enerji marşrutlarının inkişafından gedir.
"Biz bu gün, şimalda ticarət marşrutlarının Rusiya, cənubda isə İrandakı müharibə səbəbindən pozulduğu bir vaxtda nə qədər həssas olduğumuzu görürük. Buna görə də hazırda əlçatan olan marşrut məhz bizim qarşılıqlı bağlılıq gündəliyi çərçivəsində reallaşdırdığımız marşrutdur", - Avropa komissarı deyib.
Kos əlavə edib ki, iclas zamanı nazirlər Cənubi Qafqaz regionu dövlətləri ilə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə dair sonrakı addımları müzakirə edəcəklər.
"Bu gün biz Cənubi Qafqaz ölkələri - Ermənistan, Azərbaycan və Türkiyə ilə qarşılıqlı fəaliyyəti necə daha yaxşı quracağımızı müzakirə edəcəyik, harada ki artıq bizim həyata keçirilməsinə başlaya biləcəyimiz konkret layihələrimiz var", - o vurğulayıb.