IMG-LOGO

Qjeqoj Zelinski: "Azərbaycan dəniz külək enerjisində qətiyyətli addımlardan faydalanacaq" - EKSKLÜZİV

21 Apr 2026 14:45 3 baxış
IMG

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda enerji şəbəkələrinin yenilənməsi və çevik generasiyanın formalaşmasına yardım göstərməyə hazırdır.

Bunu "Report"a açıqlamasında EBRD-in Avropa üzrə regional direktoru və energetika departamentinin rəhbəri Qjeqoj Zelinski (Grzegorz Zieliński) bildirib.

Onun sözlərinə görə, məhz bu istiqamətlər bərpa olunan enerji mənbələrinin artan həcmlərinin dayanıqlı inteqrasiyası üçün əsas şərtlərdir: "Enerji sisteminin hazırlığı yeni generasiya obyektlərinin istifadəyə verilməsi qədər əhəmiyyətlidir. Buna görə də bank artıq Azərbaycanla enerji siyasəti sahəsində birgə iş aparır, o cümlədən yeni bərpa olunan enerji mənbələrinin qəbul edilməsi üçün ötürücü şəbəkələrin buraxılış qabiliyyətini araşdırır".

"Təcrübədə bu o deməkdir ki, biz bərpa olunan enerji mənbələrinin dəyişkən generasiyasının miqyasının genişləndirilməsi şəraitində ötürücü şəbəkənin gücləndirilməsinə və onun dayanıqlılığının təmin edilməsinə yönəlmiş layihələrin maliyyələşdirilməsi variantlarını nəzərdən keçirə bilərik", - Q. Zelinski deyib.

EBRD direktoru qeyd edib ki, getdikcə daha da mürəkkəbləşən şəbəkə strukturu üzərində səmərəli nəzarəti təmin edəcək sistem idarəetməsinin rəqəmsal transformasiyası modernləşdirmə prosesinin mühüm tərkib hissəsi olacaq.

"Miqyas məsələsi xüsusi diqqətə layiqdir. 1 QVt yeni güclərin inteqrasiyası əhəmiyyətli addımdır, lakin əgər vəzifə Avropa İttifaqına (Aİ) doğru böyük transsərhəd dəhlizini (Black Sea Energy - red.) enerji ilə təmin etməkdən ibarətdirsə, o zaman bərpa olunan enerji mənbələrinin tətbiqi sürəti 1 QVt həddini əhəmiyyətli dərəcədə üstələməlidir. Məhz bu səbəbdən müzakirələr indi ilk növbədə dəniz külək energetikası sahəsində olmaqla, bir neçə giqavatlıq layihələr portfelinin formalaşdırılması istiqamətinə keçməlidir. Biz doğru istiqamətdə irəliləyirik, lakin yaxın vaxtlarda qətiyyətli hərəkətlər tələb olunacaq", - Q. Zelinski əlavə edib.

Onun qiymətləndirməsinə görə, mövcud potensialdan genişmiqyaslı enerji ixracına keçid əhəmiyyətli dərəcədə yeni generasiya güclərinin və müvafiq infrastrukturun yaradılmasını nəzərdə tutur, bu isə bir anda baş verə biləcək bir proses deyil. "İri bərpa olunan enerji mənbələri güclərinin, xüsusilə də dəniz külək generasiyasının formalaşdırılması mürəkkəb və uzunmüddətli bir vəzifədir. Buna görə də, yaxın iki-üç il ərzində ilk 4-6 QVt-lıq dəniz külək qurğularının işə salınması və Aİ-yə fəaliyyət göstərən elektrik enerjisi ötürülməsi marşrutu kimi real nəticələrə ümid etmək qeyri-real olardı. Buna baxmayaraq, əsas qərarları elə indidən qəbul etmək lazımdır", - Q. Zelinski.

Onun sözlərinə görə, paralel olaraq EBRD Azərbaycana "yaşıl hidrogen"in inkişafı üçün təməl qoyulmasında, o cümlədən bu yaxınlarda hazırlanmış Hidrogen üzrə Milli Strateji Proqnoz çərçivəsində dəstək göstərir: "Bu mərhələdə həmin hazırlıqların konkret praktiki addımlara necə çevriləcəyini müəyyən etmək vacibdir".

Xəbər lenti