Hakimlər Komitəsi Misli Premyer Liqasının həlledici dönəminə hazırlıqsız daxil olduğuna görə ədalət təmsilçiləri ciddi səhvlərə yol verirlər.
Bunu "Report"a açıqlamasında FIFA referisi Fariz Yusifov deyib.
O, çempionatın həlledici hissəsində təcrübəli referilərin performansının aşağı olmasını hazırlıq planının olmaması ilə əlaqələndirib:
"Çempionatın finiş nöqtəsinə yaxınlaşırıq. Öz praktikamızdan deyirəm ki, biz həmişə sonuncu dövrəyə daha məsuliyyətlə, diqqətlə yanaşır, işimizi xüsusi hazırlıq planı üzrə qururduq. Klublar kimi, biz də təlim-məşq toplanışları çərçivəsində bütün gücümüzü və biliyimizi yekun mərhələyə yönəldirdik. Məqsəd o idi ki, şəffaflıq və ədalət nəticəsində hər bir klub il ərzində çəkdiyi əziyyətin bəhrəsini görsün, layiq olduğu yeri tutsun".
F.Yusifov Hakimlər Komitəsinin rəhbərliyindəki dəyişiklikdən sonra yaranan boşluqlara diqqət çəkib:
"Çox təəssüf ki, komitə finiş nöqtəsinə hazırlıqsız daxil olub. Ən çox səhv edənlər məhz təcrübəli, beynəlxalq dərəcəli, FIFA referilərimizdir. Cavanlarda belə səhvlər çox gözə çarpmır. Bu da hazırlıq planının olmamasından xəbər verir. Hakimlərin hazırlıq planı mətbuat vasitəsilə də işıqlandırılmadı, məlumatsız qaldıq. Komandalar fasilədən istifadə edib bir həftəlik, on günlük toplanışlara getdilər, taktiki hazırlıqlarını gücləndirdilər. Amma Hakimlər Komitəsi bu baxımdan passiv davrandı".
Mütəxəssis yeni rəhbərliyin planlı işləməli olduğunu vurğulayıb:
"Rəhim Həsənov bu sahəyə yeni təyin olunub, yəqin ki, uşaqları yekun mərhələyə hazırlamağa vaxtı çatmayıb. Əslində, sonuncu dövrə başlamazdan əvvəl heç olmasa bir həftəlik toplanış olmalı idi. Yığmanın oyunları ilə əlaqədar yaranan fasilədə toparlanıb qaydalardakı son dəyişiklikləri təkrar etmək mümkün idi. Hazırlıq prosesi keçilmədiyi üçün belə sıxıntılar yaşanır".
F.Yusifov qarşıdakı vacib oyunlar öncəsi hakimlərə tövsiyələrini verib:
"Sınmaq lazım deyil, qarşıda çox vacib oyunlar, kubokun cavab görüşləri var. Hələ ki çempion və digər yerlərin sahibləri tam məlum deyil. Toparlanmaq üçün gec deyil. Baxmayaraq ki, hazırlıq prosesi zəif keçib. Yəqin ki, Rəhim Həsənov növbəti ildən bu məqamlara daha çox diqqət yetirəcək, illik plan hazırlayacaq. İnanıram ki, hakimlik məktəbimiz bu ağır missiyanın öhdəsindən gələcək. Arzum budur ki, klublar mövsümün sonunda hakimlərdən narazı qalmasınlar və hər kəs əziyyətinin nəticəsini görsün".