Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 79 921 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydiyyata alıb.
"Report" Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,75 % azdır.
3 ay ərzində qeydiyyata alınmış mülkiyyət hüququnun 14 256-sı və yaxud 17,8 %-i ilkin, 65 665-i və yaxud 82,2 %-i isə təkrar qeydiyyatın payına düşüb.
Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 17 029, mənzil üzərində 19 063, torpaq sahəsi üzərində 40 894, qeyri-yaşayış binası üzərində 753, qeyri-yaşayış sahəsi üzərində 2 029, əmlak kompleksi üzərində 125 və çoxmərtəbəli yaşayış binaları üzərində 28 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Yeni mülkiyyət hüquqlarının 20 540-ı Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb.
Yanvar-fevralda 56 272 texniki pasport tərtib edilib, 13 548 ipoteka müqaviləsi qeydiyyata alınıb.