Pakistan hələ də İrandan ABŞ ilə növbəti danışıqlar raundunda iştirakla bağlı rəsmi cavab gözləyir.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Pakistanın informasiya və teleradio yayımı naziri Attaullah Tararın bəyanatına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, İslamabad diplomatiya və dialoq kursuna sadiq qalmaqda davam edir, lakin qeyd edib ki, iki həftəlik atəşkəs rejiminin tezliklə başa çatması fonunda İranın qərarı həlledici əhəmiyyət daşıyır.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə zərbələr endirib. Əməliyyat Yaxın Şərqdə eskalasiyaya və Fars körfəzinin bütün ölkələrinin münaqişəyə cəlb edilməsinə, eləcə də Hörmüz boğazının bloklanmasına səbəb olub.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il 8 aprel gecəsi atəşkəs barədə razılığa gəliblər, bu atəşkəs isə 21-dən 22 aprelə keçən gecə başa çatır.
Tərəflər Pakistanda münaqişənin nizamlanması üzrə danışıqlar aparmağa cəhd göstəriblər, lakin aprelin 11-12-də keçirilən ilk raund heç bir nəticə verməyib. Danışıqların yeni raundu yaxın günlərdə baş tuta bilər.
Bloklanması qlobal enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif aralıqlarla onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.