IMG-LOGO

Kallas: Rusiyaya qarşı 21-ci sanksiyalar paketi hazırlanır

21 Apr 2026 22:11 5 baxış
IMG

Lüksemburqda Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin iclasında Rusiyaya qarşı sanksiya təzyiqinin artırılmasının zəruriliyi ilə bağlı razılıq əldə olunub.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas görüşün yekunlarına dair mətbuat konfransında deyib.

"İyirminci sanksiyalar paketinin vaxtı çoxdan çatıb. Ümid edirəm ki, yeni siyasi impulsu nəzərə alaraq sürətlə hərəkət edə biləcəyik", - o bildirib.

Kallas həmçinin təsdiqləyib ki, Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin qəbulunun sürətləndirilməsindən əlavə, nazirlər artıq 21-ci paket üzərində işə başlamağı təklif ediblər.

O həmçinin Aİ-nin sanksiya siyasətinə yanaşmasının dəyişdiyini bildirib. Nadir hallarda qəbul edilən böyük paketlər əvəzinə, Brüssel artıq daha çevik modelə keçib, məsələn, Rusiyanın "kölgə donanması"na qarşı məhdudiyyətlər yeni gəmilər aşkar olunduqca tətbiq edilir. Bundan əlavə, Aİ-nin baş diplomatı qeyd edib ki, blok daxilində dezinformasiya kampaniyalarında iştirak edən şəxslərə qarşı əlavə tədbirlər təsdiqlənir.

Kallas vurğulayıb ki, Rusiyanın enerji gəlirlərinin məhdudlaşdırılması strategiyanın əsas elementi olaraq qalır:

"Rusiya iqtisadiyyatına, həqiqətən, təsir edən şey neftə qarşı tədbirlərdir, çünki bu, müharibə (Ukraynaya qarşı - red.) aparmaq üçün əsas gəlir mənbəyidir. Ümumilikdə, Aİ təkcə sanksiya siyahılarını genişləndirmək deyil, həm də Moskvaya iqtisadi və siyasi təzyiqləri gücləndirmək üçün əvvəllər bloklanmış təşəbbüslərə qayıtmaq niyyətindədir".

Xəbər lenti