IMG-LOGO

Əl-Cassir: Səudiyyə İordaniya və Suriya üzərindən Türkiyəyə dəmir yolu layihəsini planlaşdırır

22 Apr 2026 16:46 5 baxış
IMG

Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında İordaniya və Suriya vasitəsilə dəmir yolu əlaqəsinə dair birgə araşdırmaların 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının nəqliyyat və logistika xidmətləri naziri Salih əl-Cassir "Al Arabiya Business"ə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, layihənin həyata keçirilməsi regional inteqrasiyanın inkişafına, ticarətin dəstəklənməsinə və region ölkələri arasında dayanıqlı quru nəqliyyat sisteminin yaradılmasına töhfə verəcək.

"Səudiyyə Ərəbistanının dəmir yolu şəbəkəsi artıq Əl-Hədisə keçid məntəqəsi vasitəsilə İordaniya ilə sərhədə çatır ki, bu da beynəlxalq nəqliyyat əlaqələrinin daha da genişləndirilməsi üçün strateji qovşaq kimi nəzərdən keçirilir", - o qeyd edib.

Əl-Cassir xatırladıb ki, martda Ciddə İslam limanında Qırmızı dəniz və Fars körfəzi akvatoriyalarında təchizat zəncirlərinin çevikliyinin artırılmasına və fasiləsiz ticarətin təmin edilməsinə yönəlmiş Logistics Routes Initiative təşəbbüsünə start verilib.

Nazir vurğulayıb ki, ölkənin limanları və nəqliyyat dəhlizləri sıx qarşılıqlı əlaqə çərçivəsində fəaliyyət göstərərək region dövlətləri arasında malların sabit hərəkətini təmin edir.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki limanları ildə 17 milyondan çox konteyner aşırmaq gücünə malikdir və Fars körfəzi ölkələrindən yönləndirilən yüklərin qəbulunda mühüm rol oynayır.

"Qırmızı dəniz limanlarının hazırlığının artırılması istiqamətində səylər davam edir, ölkənin hava limanları isə dost dövlətlərin hava gəmiləri üçün açıq olaraq qalır", - o qeyd edib.

Xəbər lenti