IMG-LOGO

Muxtar Babayev: "Xəzərdə sürətli dayazlaşmaya qarşı tədbirlər görülməlidir"

23 Apr 2026 12:36 3 baxış
IMG

Xəzər dənizinin səviyyəsi tarixi minimuma çatıb və onun dayazlaşma prosesi davam edir.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkə Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev bu gün Qazaxıstanın paytaxtı Astanada keçirilən Regional Ekoloji Sammit çərçivəsində panel sessiyada bildirib.

Onun sözlərinə görə, dənizin səviyyəsinin aşağı düşməsi bütün Xəzəryanı dövlətlərdə ekologiya, iqtisadiyyat və sosial sahə üçün təhlükələr yaradır. "Xəzər dənizi təkcə təbii obyekt deyil, həm də bir çox nəsillərin ortaq tarixi-mədəni irsidir. Bizim vəzifəmiz onu qorumaq və gələcək nəsillərə ötürməkdir", - o qeyd edib.

M.Babayev vurğulayıb ki, Xəzərə əsas su axınını (ümumi həcmin 80 %-nə qədər) Volqa çayı təmin edir, lakin hazırda suyun əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. "Bu gün su axını tarixi minimumdadır", - o bildirib.

Prezidentin xüsusi nümayəndəsi yaranmış vəziyyətin əsas səbəbləri arasında buxarlanmanı gücləndirən iqlim dəyişikliyini, antropogen amilləri, həmçinin kənd təsərrüfatı üçün suburaxıcı və hidrotexniki qurğuların tikintisini qeyd edib.

O əlavə edib ki, Azərbaycan Xəzər dənizinin dayazlaşması problemini prioritet hesab edir və bu istiqamətdə Qazaxıstanla sıx əməkdaşlıq edir. "Xəzər dənizinin vəziyyəti bizim həyatımıza və gələcəyimizə birbaşa təsir göstərir", - M.Babayev deyib.

Xüsusi nümayəndənin sözlərinə görə, BMT-nin Ətraf Mühit Proqramı ilə koordinasiya çərçivəsində Xəzərin dayazlaşmasına qarşı mübarizə üzrə səylərin birləşdirilməsi üçün beynəlxalq platforma yaradılıb, eləcə də Tehran Konvensiyası çərçivəsində 10 illik fəaliyyət planı hazırlanıb.

M.Babayev əlavə edib ki, bu istiqamətdə iş Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdiriləcək.

Xəbər lenti