Azərbaycanda əsas kapitala yönəldilmiş illik 22.1 milyard manatlıq investisiyaların 9.7 milyard manatı, yəni 44.0 faizi regionların payına düşür.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin Regional məsələlər komitəsi tərəfindən "Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi" mövzusunda keçirilən konfransda deyib.
O qeyd edib ki, hazırda regionlarda 33 milyard manatdan çox ümumdaxili məhsul (ÜDM) formalaşır:
"Eyni zamanda, ölkə üzrə 62.2 milyard manatlıq pərakəndə ticarət dövriyyəsinin 24.5 milyard manatı regionların payına düşür. Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin yarıdan çoxu artıq regionlarda yerləşib ki, bu da daxili turizmin inkişafı baxımından vacibdir".
Deputat vurğulayıb ki, 2024-cü ildə ölkə üzrə əmək müqaviləsi ilə çalışanların sayı 1 milyon 775 min nəfər olub:
"Onun 792 min 737 nəfəri regionlarda yaşayaraq fəaliyyət göstərirlər. Bu o deməkdir ki, əmək müqaviləsi ilə işləyənlərin artıq 45 faizi regionlarda çalışırlar. Regionlarda yaşayan əhalinin illik gəlirləri isə 32 milyard manatdan çox olub.
Göründüyü kimi, iqtisadi siyasət regionların inkişafında dayanıqlığı təmin edib və Bakı ilə bölgələr arasında fərqin mərhələli şəkildə azalmasına səbəb olmaqdadır".