IMG-LOGO

Bakıda Britaniyanın ICE şirkətinin iştirakı ilə regional enerji birjası yaratmaq təklif edilib

23 Apr 2026 15:22 5 baxış
IMG

Azərbaycanda risklərin hedcinqi və enerji resurslarının regional ticarətinin inkişafı üçün əsas alətə çevrilə biləcək öz əmtəə-xammal birja platformasının yaradılması zərurəti yaranıb.

"Report" xəbər verir ki, bu ideyanı "SOCAR Trading"in açıq rəngli neft məhsulları üzrə aparıcı treyderi Anar Həbib Bakıda keçirilən "II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu"nda irəli sürüb.

Onun sözlərinə görə, Xəzər Boru Kəməri Konsorsiumu yüksək geosiyasi risklər şəraitində fəaliyyətini davam etdirir, bu da vaxtaşırı neft tədarükünün sabitliyinə təsir göstərir: "Bununla əlaqədar hasilatçı şirkətlər zəruri nəql etmə səviyyəsini təmin etmək üçün istehsal həcmlərinə düzəlişlər etmək məcburiyyətində qalırlar. Xəzər regionunun treyderləri, satıcıları və alıcıları arasında uzun müddətdir ki, müzakirə olunan məsələlərdən biri səmərəli hecinq mexanizminin yaradılmasıdır. Ola bilsin ki, bu gün bu, futuristik bir ideya kimi səslənir, lakin hər bir belə ideyanın öz reallaşma zaman üfüqü var".

A. Həbib vurğulayıb ki, Bakıda birja platformasının işə salınması nəinki qiymət müəyyənləşdirilməsinin şəffaflığını artırmağa, həm də Xəzər hövzəsinin neft və neft məhsulları üçün regional bençmark formalaşdırmağa imkan verərdi.

Onun fikrincə, belə bir platforma istehsalçılar, treyderlər və son istehlakçılar arasında əlaqələndirici halqa ola bilər və onları risklərin idarə edilməsi üzrə müasir maliyyə alətlərinə çıxışla təmin edərdi.

Ekspert həmçinin əlavə edib ki, potensial "Bakı Enerji Birjası" neft, neft məhsulları və ola bilsin ki, qaz tədarükü üçün fyuçers və opsion müqavilələri təklif edərək dünyanın aparıcı meydançalarının analoqu kimi fəaliyyət göstərə bilərdi.

Treyder qeyd edib ki, belə bir layihənin həyata keçirilməsi London birjası ("Intercontinental Exchange", ICE) daxil olmaqla, aparıcı beynəlxalq oyunçuların iştirakı ilə müştərək müəssisə formatında, eləcə də "JPMorgan Chase" və "Goldman Sachs" kimi ən böyük investisiya banklarının dəstəyi ilə mümkündür:

"Əminəm ki, onlar Bakıda belə bir təşəbbüsün bir hissəsi olmaqda maraqlı olacaqlar. Bununla yanaşı, mövcud infrastruktur yalnız müvəqqəti olaraq cari tələblərə cavab verə bilər, çünki gələcəkdə yeni müasir bazanın yaradılması tələb olunacaq".

A. Həbib layihənin inkişafı üçün potensial platforma olaraq Ələt Azad İqtisadi Zonasını (AİZ) göstərib: "Azərbaycanda - Xəzər dənizinin sahilində Şimal-Qərbi Avropanın ən böyük logistika, sənaye və enerji mərkəzi olan ARA (Amsterdam-Rotterdam-Antverpen) habının analoqu formalaşdırıla bilər".

Ekspert qeyd edib ki, Yaxın Şərqdəki mövcud geosiyasi vəziyyət fonunda belə bir infrastrukturun yaradılması məsələsi yenidən xüsusi aktuallıq kəsb edir: "Bu gün biz artıq Bakı vasitəsilə həm aviasiya, həm də yerüstü nəqliyyat və logistika marşrutlarının həddindən artıq yüklənməsini müşahidə edirik. Bu isə bölgənin əlavə güclərə və axınların idarə edilməsi üçün daha çevik mexanizmlərə ehtiyacı olduğuna dair bir siqnaldır".

"SOCAR Trading" nümayəndəsinin sözlərinə görə, müvafiq infrastrukturun yaradılması faktiki olaraq dövlət üçün birbaşa maliyyə yükü olmadan neft məhsullarının strateji ehtiyatlarının formalaşdırılması deməkdir: "Xərcləri bazar iştirakçıları - treyderlər, alıcılar və satıcılar öz üzərinə götürəcəklər. Onlar Bakıya neft məhsulları - mazut, dizel və aviasiya yanacağı tədarük edə və onları burada saxlaya biləcəklər. Eyni zamanda, xam neft haqqında danışmaq hələ tezdir".

Onun fikrincə, əsas üstünlük yerli birjada risklərin hedcinqi imkanı olacaq ki, bu da treyderlərə axınların idarə edilməsində daha çox çeviklik təmin edəcək.

O vurğulayıb ki, belə bir layihənin həyata keçirilməsi təkcə enerji sektoru üçün deyil, həm də regionun bütün logistika ekosistemi üçün yeni imkanlar aça bilər: "Bu layihə realdır. Onu həyata keçirmək lazımdır və başlamaq hələ dünən lazım idi. Amma ən azından bu gün hələ də gec deyil. Logistika və nəqliyyatın inkişafı bir çox əlaqəli sahələr üçün təkan verən qüvvə ola bilər".

Qeyd edək ki, belə bir platformanın yaradılması klirinq sistemlərindən logistika hablarına qədər müşayiət edən infrastrukturun inkişafını stimullaşdıra və Bakının Avropa ilə Asiya arasında enerji və ticarət mərkəzi kimi rolunu gücləndirə bilər.

Xəbər lenti