BRAVO 10 yaş - "10 İlin Parıltısı" adlı yubiley tədbiri təşkil edib.
Tədbir BRAVO marketlər şəbəkəsinin 10 illik fəaliyyət yoluna, əldə etdiyi nailiyyətlərə və gələcək inkişaf hədəflərinə həsr edilib.
Tədbirdə yüksək səviyyəli rəsmi qonaqlar, diplomatik korpus nümayəndələri, media təmsilçiləri və ölkənin aparıcı şirkətlərinin rəhbərləri iştirak ediblər. Qonaqlar arasında Azərsun, Veysəloğlu, Coca-Cola, Ləzzət Group, Sirab kimi iri istehsal və FMCG şirkətlərinin rəhbər şəxsləri, həmçinin Paşa Bank, Kapital Bank, Bank of Baku və Unibank kimi aparıcı bank və maliyyə qurumlarının nümayəndələri yer alıblar.
Eləcə də qonaqlar arasında Pasha Holding-in rəhbər şəxsləri, Fransa səfirliyinin nümayəndələri, eləcə də İctimai Televiziya, Xəzər TV, Azad Azərbaycan Televiziyası, CBC TV, ARB və REAL TV kimi aparıcı televiziya kanallarının rəhbər nümayəndələri yer alıblar.
Açılış nitqi ilə çıxış edən BRAVO-nun İcraçı Direktoru Jaime Teixeira şirkətin 10 il ərzində keçdiyi inkişaf yolundan, müştəri məmnuniyyəti və keyfiyyət standartlarına verdiyi önəmdən danışıb.
BRAVO-nun ilk mağazası 2016-cı ilin aprel ayında Gənclik Mall-da fəaliyyətə başlayıb. Qısa müddət ərzində şirkət Azərbaycanda müasir pərakəndə bazarında beynəlxalq standartları yerli bazara adaptasiya etməsi ilə seçilib.
Tədbir çərçivəsində BRAVO-nun 10 illiyinə həsr olunmuş xüsusi videoçarx təqdim edilib. Bununla yanaşı, şirkətin inkişaf mərhələləri, innovativ mağaza formatları, eləcə də BRAVO mobil tətbiqinin funksionallığı və üstünlükləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, 2024-cü ildən etibarən həyata keçirilən "BRAVO Brand" layihəsi çərçivəsində müxtəlif kateqoriyalar üzrə təqdim olunan yüksək keyfiyyətli məhsullar xüsusi olaraq vurğulanıb.
BRAVO rəhbərliyi bildirib ki, şirkətin əsas prioritetlərindən biri müştəri məmnuniyyəti, keyfiyyətli məhsul təqdimatı və şəffaf qiymət siyasətidir. Eyni zamanda, sosial məsuliyyət layihələri və davamlı inkişaf təşəbbüsləri şirkətin fəaliyyətinin mühüm istiqamətlərindən biri olaraq qalır.
Şirkət, fəaliyyət dövründə 4500-dən çox əməkdaşdan ibarət güclü komanda formalaşdırmaqla yanaşı, pərakəndə sahədə peşəkar insan resurslarının inkişafına əhəmiyyətli töhfə vermişdir.
BRAVO gələcək illərdə də innovativ yanaşmalar, genişlənmə strategiyası və müştəri yönümlü xidmət modeli ilə fəaliyyətini davam etdirməyi hədəfləyir.
BRAVO: 10 İlin Parıltısı


















