IMG-LOGO

KOBİA: Qadınların iqtisadi fəallığı nəzərəçarpacaq dərəcədə artıb

23 Apr 2026 16:57 7 baxış
IMG

Azərbaycanda qadınların iqtisadi fəallığı son illərdə nəzərəçarpacaq dərəcədə artıb.

"Report" xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev Bakıda keçirilən "Qadın iştirakçılarının təbliği" konfransında bildirib.

Onun sözlərinə görə, qadınlar kiçik biznes qurur, xidmət sahələrinə daxil olur və yeni bazarlara çıxış əldə edirlər: "Bu dinamika məşğulluğa, yerli iqtisadi aktivliyə və ümumi biznes mühitinə müsbət təsir göstərir. Qadın sahibkarların qarşılaşdıqları əsas çətinliklər də məlumdur: biznes biliklərinin çatışmazlığı, maliyyə resurslarına çıxış imkanlarının məhdudluğu, satış və bazara çıxış məsələləri bu istiqamətdə əsas çağırışlar olaraq qalır. Bu səbəbdən də yanaşma yalnız təşviqlə məhdudlaşmır, konkret dəstək mexanizmləri ilə müşayiət olunur".

O bildirib ki, KOBİA bu sahədə sistemli fəaliyyət həyata keçirir: "Qadın sahibkarların bilik və bacarıqlarının artırılması üçün təlim proqramları təşkil olunur. Son iki il ərzində keçirilmiş yüzlərlə təlim və məsləhət xidmətləri vasitəsilə minlərlə qadın sahibkarlıq fəaliyyətinə cəlb olunub.

Eyni zamanda, qrant mexanizmləri qadın sahibkarların fəaliyyətində mühüm rol oynayır. Son illərdə təqdim edilmiş qrant layihələri çərçivəsində onlarla qadın sahibkar maliyyə dəstəyi əldə edib. Eyni zamanda, innovativ fəaliyyət göstərən qadınlara startap şəhadətnamələri təqdim olunub ki, bu da onların vergi yükünü azaltmaqla fəaliyyətlərini genişləndirməyə imkan yaradır".

Sədr müavini qeyd edib ki, bazara çıxış məsələsi də xüsusi diqqət mərkəzində saxlanılır: "Qadın sahibkarların məhsullarının tanıdılması üçün sərgilərdə iştirakına dəstək olunur. Son dövrdə təşkil olunmuş sərgi və yarmarkalarda yüzlərlə sahibkarlıq subyekti iştirak edib və onların əhəmiyyətli hissəsini qadın sahibkarlar təşkil edir. Bununla yanaşı beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində də fəaliyyət həyata keçirilir. Menecerlərin təlimi üzrə Almaniya-Azərbaycan birgə proqramı çərçivəsində qadın sahibkarlar xarici təcrübə ilə tanış olub və onların idarəetmə bacarıqlarına real təsir göstərib".

Xəbər lenti