IMG-LOGO

AFFA-nın sabiq rəsmisi Cahangir Həsənzadə: "Sabah" "Qarabağ"a qarşı "antivirus tapıb"

23 Apr 2026 17:36 4 baxış
IMG

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Sabah"a qarşı cavab oyununda 10 nəfərlə qalması "Qarabağ"ın oyununa təsir edib.

Bunu "Report"a açıqlamasında AFFA-nın sabiq Texniki direktoru Cahangir Həsənzadə bildirib.

Mütəxəssis meydan sahiblərinin qələbəsini və rəqib komandanın oyununu belə şərh edib:

"Qarabağ" bu mövsüm "Sabah"ı üstələyə bilməyib. Bakı klubu rəqibə qarşı sanki antivirus tapıb və uduzmamaq şansı qazanıb. Oyundan öncə "Qarbağ"ın da bununla barışmayacağını və bütün gücünü meydanda qoymağa hazır olduğunu bilirdik. Matçın gedişində "Qarabağ"ın 10 nəfərlə qalması komandanın oyununa birmənalı təsir etdi. "Sabah" sıradan kollektiv deyil, kifayət qədər keyfiyyətli oyunçuları, həmçinin yaxşı məşqçilər heyəti var. Bərabər heyətlər olarsa, fərqli mənzərə yarana bilərdi, çünki komandaların gücü eyni görünürdü. Sonda "Sabah" qalib gəldi və kuboku qazanmağa bir addım da yaxınlşadı".

Cahangir Həsənzadə Ağdam təmsilçisinin çıxışına və mübahisəli epizodlara da münasibət bildirib:

"Qarabağ" daha yaxşı çıxış edə bilərdi. Mövsümün sonuna yaxınlaşırıq, ola bilsin ki, psixoloji və fiziki yorğunluq istədikləri oyunu sərgiləmələrinə mane oldu. Qurban Qurbanov da komandasının daha yaxşı oynaya biləcəyini vurğuladı. Amma komandanın qələbə qazanmaq istəyi görünürdü".

Azərbaycan millisinin sabiq qapıçısı qarşılaşmanın son dəqiqələrdə topun "Sabah"ın futbolçusunun əlinə dəydiyi epizodu hakimin penalti kimi dəyərləndirməməsindən sonra yaranan müzakirələrə münasibət bildirib:

"Müasir dövrdə hakimlərin yanaşmaları fərqlidir və birmənalı deyil. VAR sistemi və referilər fərqli qənaətə gələ bilərlər. Mənə görə bu cür epizodlar 11 metrlik cərimə zərbəsidir, çünki ötürmə cərimə meydançasına gedirdi və əl təbii formada deyildi. İstənilən halda AFFA Hakimlər Komitəsi qərarlarını verəcək. Hakim səhv edibsə, cəzasını çəkəcək. Lakin bu, nəticəyə təsir göstərməyəcək. Belə olan halda da çox söz deməyin mənası yoxdur".

Qeyd edək ki, "Sabah" iki oyunun nəticəsinə (2:2, 2:1) əsasən finala yüksəlib və həlledici matçda "Zirə" ilə qarşılaşacaq.

Xəbər lenti