IMG-LOGO

Lu Mey: 2025-ci ildə Azərbaycana 60 mindən çox Çin vətəndaşı səfər edib

23 Apr 2026 18:53 6 baxış
IMG

2025-ci ildə Azərbaycana 60 mindən çox Çin vətəndaşı səfər edib.

Bu barədə "Report"a müsahibəsində Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin iyulunda qüvvəyə minmiş vizasız rejim sayəsində iki ölkənin turistlərinin qarşılıqlı səfərlərinin sayı artmağa davam edir.

"Azərbaycan ənənə və müasirliyi, eləcə də Şərq və Qərb mədəniyyətlərini birləşdirən unikal cazibəsi ilə getdikcə daha çox sayda çinli turist cəlb edir. İçərişəhər, Qobustan qayaüstü rəsmləri, Heydər Əliyev Mərkəzi və digər məkanlar yeni populyar turizm istiqamətlərinə çevrilib. 2025-ci ildə 60 mindən çox Çin vətəndaşı Azərbaycana səfər edib, bu isə rekord göstəricidir", - səfir deyib.

Lu Mey vurğulayıb ki, qarşılıqlı vizasız rejimin müsbət təsiri turizm əməkdaşlığının inkişafı ilə məhdudlaşmır, həm də mədəniyyət sahəsində tərəfdaşlığın dərinləşməsinə töhfə verir: "Azərbaycanda Çin dilini öyrənməyə başlayan gənclərin sayı sürətlə artır. Bir çox gənc Çin mahnılarını məharətlə ifa edir və Çin üslubunda şou nömrələr sərgiləyir".

O, həmçinin aviasiya əlaqələrinin genişləndirilməsi məsələsinə toxunaraq qeyd edib ki, "China Southern Airlines" və "Azerbaijan Airlines" aviaşirkətləri Pekin, Urumçi və Bakı arasında həftədə ondan çox birbaşa reys həyata keçirir, bu da iki ölkə əhalisinin səfərlərini əhəmiyyətli dərəcədə asanlaşdırır.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Xəbər lenti