Qanunsuz yanacaq ticarəti ilə məşğul olmaqda şübhəli bilinən Meksika Hərbi Dəniz Qüvvələrinin zabiti Fernando Farias Argentinada saxlanılıb.
"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Meksika təhlükəsizlik naziri Omar Qarsiya Harfuç məlumat verib.
O bildirib ki, Farias Meksika Hərbi Dəniz Qüvvələri, Meksika Baş Prokurorluğu və Argentina hüquq-mühafizə orqanlarının birgə əməliyyatı nəticəsində Buenos-Ayresdə saxlanılıb.
Meksika hakimiyyəti onu karbohidrogen qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrupun lideri hesab edir. Farias mütəşəkkil cinayətkarlıq və qanunsuz yanacaq ticarəti ilə bağlı ittihamlarla bağlı İnterpolun Qırmızı Bülleteni ilə axtarışda olub.
Hakimiyyət orqanlarının məlumatına görə, həbs zamanı onun yanında saxta Qvatemala pasportu tapılıb. Onun Meksikaya ekstradisiyası məsələsinə tezliklə baxılması gözlənilir.