Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada "Roskomnadzor" rəhbərliyinə qarşı terror aktı hazırlayan yeddi nəfərin saxlanıldığını bildirib.
"Report"un məlumatına görə, bu barədə "İnterfaks" FTX-nin mətbuat xidmətinə istinadən xəbər verir.
"18 aprel 2026-cı il tarixində "Roskomnadzor" rəhbərlərinə qarşı partlayıcı qurğudan istifadə etməklə avtomobilin partladılması yolu ilə planlaşdırılan terror aktının qarşısı alınıb", - FTX-nin İctimai Əlaqələr Mərkəzindən bildiriblər.
Xüsusi xidmət orqanının məlumatına görə, Moskva, Ufa, Novosibirsk və Yaroslavlda yeddi nəfər saxlanılıb.
Axtarışlar zamanı kütləsi 1 kq olan əldəqayırma partlayıcı qurğular, F-1 qumbarası, səssiz atəş üçün uyğunlaşdırılmış PM tapançası, iki qaz tapançası, rabitə vasitələri və sair müsadirə edilib.
Saxlanılanlar barəsində silah və partlayıcı qurğuların qanunsuz dövriyyəsinə dair maddələr üzrə cinayət işləri başlanıb, "onların terror aktına hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi həll olunur".