Gürcüstan və Ermənistan arasında sərhəd-keçid məntəqələrinin birgə idarə olunması ilə bağlı layihə müzakirə olunub.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Maliyyə Nazirliyinin Gəlir Xidmətinin rəhbəri İrakli (Daçi) Beraya və Gömrük İdarəsinin rəisi Mixeil Çokoşvili Ermənistan Dövlət Gəlir Komitəsinin sədri Eduard Hakobyan ilə işgüzar görüş keçiriblər.
Görüş Qoqavani gömrük keçid məntəqəsi ərazisində baş tutub və tərəflər birgə idarəetmə sisteminin tətbiqini müzakirə ediblər. Layihə çərçivəsində müasir infrastrukturun yaradılması, eləcə də sərnişinlərin və nəqliyyat vasitələrinin hərəkətinin asanlaşdırılması nəzərdə tutulur.
Məlumata görə, yeni model gömrük prosedurlarının sadələşdirilməsinə və sərhəddə keçid vaxtının azalmasına xidmət edəcək. Tərəflər həmçinin yük və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin əhəmiyyətini vurğulayıblar.
Layihə Asiya İnkişaf Bankı tərəfindən dəstəklənir və iki ölkə arasında 2013-cü ildə imzalanmış sazişə əsaslanır.
Qeyd olunur ki, təşəbbüsün həyata keçirilməsi gömrük orqanları arasında əməkdaşlığı gücləndirəcək, təhlükəsizlik tədbirlərinin effektivliyini artıracaq və qanuni ticarətin inkişafına əlavə təkan verəcək.