IMG-LOGO

TBNM iştirakçıları bu il üçün yüklənməni və rəqəmsallaşmanı müzakirə edib

24 Apr 2026 12:45 2 baxış
IMG

Qazaxıstanın paytaxtı Astanada "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (TBNM) layihəsinin ümumi yığıncağının növbəti iclasında 2025-ci ilin yekunları və 2026-cı il üçün marşrutun yüklənməsi planları müzakirə edilib.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədr müavini Nicat Quliyev bildirib.

"Bu gün TBNM-in ümumi yığıncağının növbəti iclası keçirilib. Görüş çərçivəsində icraçı orqan tərəfindən 2025-ci ilin yekunları, marşrutun 2026-cı il üçün yüklənmə planları təqdim olunub. Həmçinin limanlar və terminallar arasında əməkdaşlığın inkişafına yönəlmiş bir sıra sazişlər imzalanıb. Önəmlisi odur ki, bu sazişlər arasında marşrutun rəqəmsallaşdırılmasını nəzərdə tutan razılaşma da var", - o bildirib.

N.Quliyev vurğulayıb ki, rəqəmsal inkişaf şəraitində bu cür addımlar TBNM-ə əlavə təkan verə bilər.

"Biz, iştirakçılar olaraq, marşrutun rəqəmsallaşdırılmasına töhfə verməyə hazırıq", - o əlavə edib.

Sədr müavini həmçinin qeyd edib ki, bu cür iclaslar bütün marşrut boyunca daşımaların koordinasiyasını yaxşılaşdırmağa kömək edir.

"Bu, Çindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Poti və Batumi limanlarına qədər yük axınlarına nəzarəti təmin etməyə imkan verir və biz daim bu istiqamətin inkişafına töhfə veririk", - ADY nümayəndəsi bildirib.

Onun sözlərinə görə, qəbul edilmiş qərarlar marşrutun bütün iştirakçıları üçün vacibdir və daşımaların koordinasiyası və nəzarətin səmərəliliyinin artırılmasına yönəlib.

Xəbər lenti