Bu gün Astanada "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (TBNM) Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin və Ümumi Yığıncağının iclası keçirilib.
"Report"un Qazaxıstan bürosu xəbər verir ki, görüşlərin yekunlarına əsasən 2026-cı il üçün iş planı təsdiq edilib.
İclasda Qazaxıstan, Çin, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, Bolqarıstan, Rumıniya və Sinqapurun dəmir yolu operatorlarının nümayəndələri iştirak ediblər.
Təsdiq edilmiş planın əsas istiqaməti rəqəmsal imzadan istifadə etməklə elektron sənəd dövriyyəsinin tətbiqini və gömrük orqanları ilə daşıma prosesinin bütün iştirakçıları arasında birbaşa məlumat mübadiləsini nəzərdə tutan daşımaların rəqəmsallaşdırılması olub.
Bunun yüklərin keçid vaxtını azaltmağa və bütün marşrut boyu əməliyyatların şəffaflığını artırmağa imkan verəcəyi gözlənilir.
Plan, həmçinin konteyner daşımalarının həcminin artırılmasını, o cümlədən 2026-cı ildə Çindən Qazaxıstan ərazisi ilə 600-ə qədər konteyner qatarının buraxılmasını, eləcə də Xəzər dənizinin limanları və terminalları arasında koordinasiyanın gücləndirilməsini və marşrutun əsas sahələrində texnoloji proseslərin optimallaşdırılmasını nəzərdə tutur.
Görüşlərin yekunlarına əsasən, TBNM-in Asiya və Avropa arasında əsas tranzit dəhlizlərindən biri kimi daha da möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalanıb.

