2025-ci ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə konteyner daşımaları 35 % artıb, 2026-cı ildə isə dinamika 2 dəfə ola bilər.
"Report"un Qazaxıstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Qazaxıstan Dəmir Yolları" SC-nin və TBNM Beynəlxalq Assosiasiyasının rəhbəri Talqat Aldıbergenov bildirib.
Onun sözlərinə görə, marşrut Çin, Qazaxıstan, Azərbaycan və Avropa arasında yük axınının davamlı artım dinamikasını nümayiş etdirir.
"Ümumilikdə, Çindən Qazaxıstan və Azərbaycan vasitəsilə və daha sonra TBNM üzrə konteyner daşımaları 2024-cü illə müqayisədə 35 % artıb. Təxminən 75 min konteyner göndərilib. Eyni zamanda qeyd etmək istəyirəm ki, 2026-cı ilin birinci rübündə Çindən artıq 125 qatar yola salınıb, bu da daha əvvəl elan edilmiş həcmləri əhəmiyyətli dərəcədə üstələyir. Yəni biz artıq 35-38 % əlavə artım görürük", - o deyib.
Aldıbergenov vurğulayıb ki, marşrutun inkişafının əsas amili onun müştərilər üçün rəqabət qabiliyyəti olaraq qalır.
"Müştəriyə sürət, marşrutun və tariflərin şəffaflığı lazımdır ki, o, vahid və sabit olsun. Bu proses üzərində biz "Azərbaycan Dəmir Yolları", "Çin Dəmir Yolları" və marşrutun digər iştirakçıları ilə birgə işləyirik", - o qeyd edib.
Aldıbergenovun sözlərinə görə, rəqəmsallaşmaya xüsusi diqqət yetirilir.
"Marşrutun rəqəmsallaşdırılması çox vacibdir. Bir daha vurğulayıram: müştəriyə bütün mərhələlərdə - idxalçılar, ixracatçılar, tranzitçilər və ekspeditorlar üçün şəffaflıq lazımdır", - o əlavə edib.
"Qazaxıstan Dəmir Yolları"nın rəhbəri həmçinin region üçün iqtisadi təsiri də qeyd edib.
"Yük həcmlərinin artması həm Qazaxıstan, həm də Azərbaycan tərəfi üçün, o cümlədən Bakı və Ələt limanlarında yükaşırmanın artması hesabına gəlirliliyin artmasını təmin edir. Biz artıq bu il əhəmiyyətli artım perspektivləri görürük və dəmir yolu administrasiyalarının əlaqələndirilmiş işi şəraitində 2027-ci ilə qədər daşıma həcmlərinin iki dəfə artacağını gözləyirik", - o bildirib.