Noel Qallager tərəfindən imzalanmış akustik gitara "Sotheby's" hərrac evinin Nyu-Yorkdakı satışında 96 min dollara alıcı tapıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ingilis rok qrupu “Oasis”in qurucu üzvü Noel Qallagerə məxsus olan bu “Epiphone EJ-200” modeli musiqi dünyası üçün olduqca dəyərlidir.
Alət qrupun 1995-ci ildə işıq üzü görmüş "(What's the Story) Morning Glory?" adlı məşhur albomunun yazılışında istifadə edilib və rok tarixinin ən ikonik mahnılarından biri sayılan "Wonderwall"un musiqili videosunda yer alıb. Hərrac evi enstrümanın mükəmməl vəziyyətdə olduğunu xüsusi qeyd edib.
Ekspertlər əvvəlcədən gitaranın qiymətini 60-80 min dollar arasında proqnozlaşdırsalar da, yekun məbləğ bu ehtimalları üstələyib. Rok musiqi tarixinə həsr olunmuş kolleksiyanın bir parçası olan bu gitara uzun illər şəxsi kolleksiyada qalıb və indiyə qədər heç vaxt kütləvi şəkildə nümayiş etdirilməyib. Son illərdə Britpop janrına marağın yenidən artması bu dövrə aid nadir əşyaların qiymətini daha da bahalaşdırıb.
1991-ci ildə Mançesterdə qurulan Oasis qrupu qısa müddətdə dünya şöhrəti qazanaraq musiqi siyahılarının zirvəsinə yerləşmişdi. Qardaşlar arasında yaşanan davamlı münaqişələr səbəbindən 2009-cu ildə dağılan qrup, 2024-cü ildə yenidən birləşdiyini bəyan etdi.
Qrupun 2025-ci ildə reallaşan "Live '25" adlı möhtəşəm dünya turnesi kolleksionerlərin onlara məxsus əşyalara olan marağını yenidən zirvəyə daşıyıb.
maqazin Noel Qallager