Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə dələduzluqda ittiham olunan Yusifov İslam Zal oğlu və tanışı İlham Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.
Zərərçəkən L.M ev almaq niyyəti ilə İslam Yusiflə tanış olduğunu bildirib:
"Mən ev almaq istəyirdim. Dedilər ki, "Baksol yolu"nda 650 kv 270 000- lik ev var. Gedib baxdım, bəyəndim, elə oradaca İslamla tanış oldum. Mənə dedi ki, beh lazımdır. "Mitsibusi" markalı maşınımı və 10 000 manat pul verdim; ümumi 30 000 manat. İpoteka götürmək istəyirdim, prosedur uzandı. İslama dedim ki, ipoteka alınmır, borc-xərclə 55 000 beh verdim. Qalan məbləği tamamlamaq üçün ona dedim ki, məndə bağça və tədris mərkəzi var, pul əvəzi dəyişək. İslam razılaşdı. Ev bir günün içində satıldı. Ziyanımdan cəmi 15 000 ödənilib".
Təqsirləndirilən İslam Yusifov "Bu mənə dedi ki, behi on günə "aformit" edirəm. Amma eləyə bilmədi, əvəzində mənim evimin üzərinə həbs qoyuldu. İki ildir ki, bununla bağlı məhkəmə davam edir. Dəymiş ziyana gəlincə, məhkəmə müddəti ərzində maddi ziyanı ödəyəcəm".
Növbəti proses 15 may saat 14:30- təyin olunub.
Xatırladaq ki, ittihama görə İ.Yusifov tanışı İ. Abbasovla birlikdə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirib. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2, 178.4 maddələri ilə ittiham irəli sürülüb.
Polisin apardığı istintaq zamanı İslam Yusifovla əlbir olan İham Abbasov da cinayət məsuliyyətinə cəlb olunub, lakin həbs edilməyib. Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə, onlara 14 ilədək həbs cəzası verilə bilər.
Xatırladaq ki, 2010-cu ildə "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifov 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində təqsirli bilinmişdi. Oğlu İslam da həmin iş üzrə dələduzluqda iştirakçı hesab olunmuş və Zal Yusifov 15 il, İslam Yusifov isə 8 il həbs cəzası almışdı. Milyonlarla manatlıq əmlakları müsadirə edilən ata və oğul illər sonra azadlığa buraxılmışdı.
Hadisələr