ABŞ müharibə naziri Pit Heqset Birləşmiş Ştatların Hörmüz boğazı üzərində faktiki nəzarəti və dəniz blokadasının genişləndirilməsi barədə bəyanat verib.
"Report" xəbər verir ki, onun sözlərinə əsasən, ABŞ Hərbi-Dəniz Qüvvələrinin icazəsi olmadan heç bir gəmi boğazdan keçə bilməz.
Heqset qeyd edib ki, hazırda yalnız İrana aid olmayan gəmilərə keçid icazəsi verilir, onların bir hissəsi artıq boğazı keçib, o cümlədən gecə saatlarında. O əlavə edib ki, blokada gücləndirilir və yaxın günlərdə əməliyyata daha bir aviadaşıyıcı qoşulacaq.
"Blokadamız genişlənir və qlobal xarakter alır. Yalnız bu həftə biz Hind-Sakit okean bölgəsində İranın "kölgə donanması"na aid iki gəmini ələ keçirdik. Biz bu cür hərəkətləri davam etdirəcəyik", - o, Pentaqonda keçirilən brifınqdə çıxış edərkən vurğulayıb.
Onun sözlərinə görə, ABŞ bundan sonra da rəqiblərin marşrutlarını bağlamağa və öz maraqlarını qorumağa davam edəcək. "Heç kim Hörmüz boğazından çıxıb ABŞ HDQ-nin icazəsi olmadan dünyanın istənilən yerinə yola düşə bilməz", - o bəyan edib.
Heqset həmçinin İran hakimiyyətini kəskin tənqid edərək, onları vəziyyətin sabitliyini pozmaqda və mülki gəmilərə hücumlarda ittiham edib. O iddia edir ki, İran qüvvələri dəniz minaları quraşdırır və ABŞ və ya İsraillə əlaqəsi olmayan təsadüfi gəmiləri atəşə tutur.
Tehrana müraciət edən nazir bəyan edib ki, blokada güclənəcək, ABŞ-ın vəziyyət üzərindəki nəzarəti isə qorunub saxlanacaq.