Pakistanın Pəncab əyalətində tibbi faciə baş verib. 2024-cü ilin noyabrından 2025-ci ilin oktyabrına qədər azı 331 uşaqda HİV infeksiyası aşkar edilib. Ölümcül virusun yayılma mərkəzi isə Taunsa şəhərində yerləşən dövlət xəstəxanası olub.
Lent.az xarici istinadla xəbər verir ki, jurnalistlərin gizli çəkilişləri zaman müəyyən olunub ki, 32 saat ərzində tibb işçiləri eyni şprisdən dəfələrlə istifadə edib.
Dörd epizodda isə eyni flakondan götürülən dərman müxtəlif uşaqlara, alətlər dəyişdirilmədən yeridilib. Hadisə şahidləri bildiriblər ki, həkimlər şprisi doldurur, inyeksiya edir, sonra isə eyni şprislə yenidən dərman çəkərək növbəti uşağa vururdular. Bu isə o deməkdir ki, əgər növbədə olan uşaqlardan biri virus daşıyıcısı idisə, digər uşaqlar da avtomatik olaraq yoluxma riski ilə üz-üzə qalırdı.
Pakistanın aparıcı infeksionistlərindən biri olan Altaf Əhməd BBC-yə açıqlamasında bildirib ki, yalnız iynənin dəyişdirilməsi virusun yayılmasının qarşısını almır.
Onun sözlərinə görə, problem şprisin daxilində silindr hissəsində qalır. Hətta yeni steril iynə istifadə olunsa belə, şprisin daxilində virus qalıqları qala bilər. Şpris yenidən ümumi dərman flakonuna daxil edildikdə isə bütün dərman çirklənir və sonrakı bütün xəstələr üçün yoluxma mənbəyinə çevrilir.
Hadisənin üzə çıxmasından sonra xəstəxananın əvvəlki rəhbəri dərhal işdən uzaqlaşdırılıb. Lakin onun yerinə təyin olunan Kasim Buzdar məsələ ilə bağlı fərqli mövqe bildirib.
O, mövcud video sübutlara baxmayaraq, gizli çəkilişlərin saxta ola biləcəyini iddia edib. Eyni zamanda valideynləri narahat olmamağa çağıraraq, xəstəxanada göstərilən xidmətlərin keyfiyyətinə güvəndiyini bildirib və insanları müalicə üçün yenidən həmin tibb müəssisəsinə müraciət etməyə dəvət edib.
şpris Pakistanda faciə