IMG-LOGO

Gec yatan insanlara qaraciyər xəstəliyi XƏBƏRDARLIĞI

24 Apr 2026 17:52 4 baxış
IMG
0 0

Gec yuxuya getmək vərdişi qaraciyərin piylənməsi riskini əhəmiyyətli dərəcədə artıra bilər. Bu vəziyyət, qeyri-alkoqol yağlı qaraciyər xəstəliyi kimi tanınır və çox vaxt maddələr mübadiləsinin pozulması ilə o cümlədən piylənmə və 2-ci tip şəkərli diabet ilə əlaqələndirilir. Erkən mərhələlərdə bu xəstəlik halsızlıq, sağ qabırğaaltı nahiyədə diskomfort və ya küt ağrılarla özünü göstərə bilər, lakin çox zaman uzun müddət hiss olunmadan qalır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar 5000-dən çox insanın yuxu rejimini analiz ediblər və onların arasında mindən çoxunda artıq metabolik səbəblərlə bağlı qaraciyər piylənməsi müşahidə olunub. Nəticələr göstərib ki, yuxunun keyfiyyəti ilə xəstəlik riski arasında aydın əlaqə var: mütəmadi gec yatan və yuxu rejimi pozulmuş insanlarda bu patologiyanın yaranma ehtimalı təxminən 37 faiz daha yüksəkdir.

Araşdırma zamanı sağlam yuxunun əsas göstəriciləri də nəzərə alınıb: erkən və müntəzəm yatmaq, gecə 7–8 saat yuxu, yuxusuzluq və xorultunun olmaması, həmçinin gündüz yuxusunun minimum səviyyədə olması və ya ümumiyyətlə olmaması. Məlum olub ki, məhz gec yatmaq, xorultu və uzunmüddətli gündüz yuxusunun (30 dəqiqədən çox) birlikdə olması qaraciyər piylənməsi riskini daha çox artırır. Xüsusilə həm gecə yuxusu keyfiyyətsiz olan, həm də gündüz uzun müddət yatan iştirakçılar ən yüksək risk qrupuna daxil olublar.

Alimlər bu təsiri yuxunun hormonal balans üzərindəki təsiri ilə izah edirlər. Yuxu çatışmazlığı və ya rejimin pozulması iştahı tənzimləyən hormonların Leptin və Qrelin fəaliyyətində pozğunluğa səbəb ola bilər. Bu balans pozulduqda aclıq hissi artır, həddindən artıq yeməyə meyl yüksəlir və nəticədə bədən çəkisi artır.

Mütəxəssislər əlavə edirlər ki, xroniki yuxusuzluq yalnız qaraciyərə deyil, ümumi sağlamlığa da mənfi təsir göstərir: stress səviyyəsini artırır, insulinə həssaslığı azaldır və visseral yağın toplanmasına səbəb olur. Uzun müddətdə bu, metabolik sindrom və ürək-damar xəstəliklərinin yaranması üçün əlverişli şərait yaradır.  

Sağlıq gec yatmaq qaraciyər qaraciyər xəstəliyi

Xəbər lenti