IMG-LOGO

Aİ və ABŞ kritik əhəmiyyətli minerallar üzrə əməkdaşlıq barədə razılığa gəlib

24 Apr 2026 21:09 5 baxış
IMG

Avropa İttifaqı (Aİ) və ABŞ kritik minerallar sahəsində strateji tərəfdaşlıq üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıb, eləcə də təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi üzrə birgə fəaliyyət planını razılaşdırıb.

"Report"un Avropa bürosu bu barədə Avropa Komissiyasına (AK) istinadən xəbər verir.

Saziş tərəflərin kəşfiyyat və hasilatdan tutmuş, emal, təkrar emal və təkrar istifadəyə qədər bütün dəyər yaradılması zənciri boyu əməkdaşlığı inkişaf etdirmək niyyətini təsbit edir. O həmçinin investisiyaların, innovasiyaların dəstəklənməsini və geoloji kəşfiyyatın inkişafını nəzərdə tutur.

Sənədi Vaşinqtonda ticarət və iqtisadi təhlükəsizlik üzrə Avropa komissarı Maroş Şefçoviç və ABŞ Dövlət katibi Marko Rubio imzalayıblar.

Ayrılıqda Şefçoviç və ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir təchizat zəncirlərinin dayanıqlığının artırılmasına yönəlmiş fəaliyyət planını təqdim ediblər.

Memorandum və fəaliyyət planı 2026-cı ilin fevralında Vaşinqtonda kritik minerallar üzrə nazirlərin görüşündə əldə olunmuş razılaşmaların, eləcə də Aİ və ABŞ-nin 2025-ci ilin avqust tarixli birgə bəyanatının müddəalarının davamı olub.

"Aİ və ABŞ-nin kritik xammal sahəsində əməkdaşlığının konkret cizgilər alması ümidvericidir. İndi əsas məsələ – niyyətlərin həyata keçirilməsi və əhəmiyyətli layihələrə çevrilməsidir. Kritik minerallar gələcəyin bütün sahələrinin əsasını təşkil edir, buna görə də zəif nöqtələrin aradan qaldırılması zərurətdir", - bəyanatda Şefçoviçdən sitat gətirilib.

Xəbər lenti