IMG-LOGO

Bəqai: İran və ABŞ arasında Pakistanda görüş keçirilməsi planlaşdırılmır

25 Apr 2026 01:49 4 baxış
IMG

İran və ABŞ arasında Pakistanda heç bir görüşün keçirilməsi planlaşdırılmır.

"Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial media hesabında etdiyi paylaşımda bildirib.

O, XİN rəhbəri Abbas Əraqçinin Pakistan səfəri ilə bağlı məlumat verərək bildirib ki, xarici siyasət idarəsinin rəhbəri İslamabadda bu ölkənin yüksək səviyyəli rəsmiləri ilə görüşəcək.

"İran və ABŞ arasında heç bir görüşün keçirilməsi planlaşdırılmır", - XİN sözçüsü bildirib.

Daha əvvəl Amerikanın "Axios" portalı aprelin 27-də İslamabadda İran və ABŞ arasında danışıqların növbəti raundunun keçiriləcəyi barədə məlumat yayıb. Ağ Evin sözçüsü isə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşnerin İran tərəfi ilə danışıqlar aparmaq üçün şənbə günü İslamabada uçacaqlarını açıqlayıb. "Tasnim" agentliyi isə bütün bu iddiaları təkzib edib.

Pakistan Xarici İşlər Nazirliyinin (XİN) İranın XİN rəhbəri Abbas Əraqçinin bu ölkəyə səfərinə dair açıqladığı proqramda isə ABŞ tərəfi ilə danışıqlarla bağlı məlumat yer almayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

Xəbər lenti