IMG-LOGO

Zaqrebdə iki kütləvi məzarlıqda 23 nəfərin cəsədinin qalığı tapılıb

25 Apr 2026 02:35 5 baxış
IMG

Xorvatiyanın paytaxtı Zaqrebin Qornaya Dubrava ərazisindəki Leşçe meşəsində İkinci Dünya müharibəsi və müharibədən sonrakı dövrə aid azı 23 nəfərin cəsədinin qalıqlarının olduğu iki kütləvi məzarlıq tapılıb.

"Report" "N1 Croatia"ya istinadən xəbər verir ki, bu barədə cümə günü Xorvatiya Veteranlar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sözügedən məzarların partizanlar tərəfindən 1945-1946-cı illərdə törədilmiş cinayətlərin qurbanlarına aid olduğu ehtimal edilir.

Tapılan məzarların birində 10, digərində isə 13 qurbann qalıqları aşkarlanıb.

"Bu, komunist-partizan rejiminin İkinci Dünya müharibəsindən sonra öldürüb buraya atdığı qurbanlardır. Bu məzarları səciyyələndirən, təəssüf ki, dəfələrlə gördüyümüz mənzərədir: fərdi şəkildə məftillə bağlanmış, sonra hamısı birlikdə öldürülmüş və heç bir geyim olmadan məzara atılmış şəxslər" - deyə əraziyə baş çəkən veteranlar naziri Tomo Medved bildirib.

Qeyd edək ki, ötən aydan etibarən İkinci Dünya müharibəsindən sonrakı dövrə aid kütləvi məzarlıqların olduğu güman edilən Qornaya Dubrava və Sesvete ərazisindəki beş məkanda tədqiqatlar və sınaq qazıntıları aparılır. Son on ildə isə bütün Xorvatiya boyu 630-dan çox ərazi tədqiq edilib və 16 vilayətdəki 90-dan çox məkanda 2200-dən çox qurbanın qalıqları ekshumasiya olunub.

Xəbər lenti