Azərbaycanda dövlət əmlakının icbari sığortası üzrə sığorta haqlarının hesablanmasında vahid metodoloji yanaşma bütün hallarda tətbiq edilməyib.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir.
Sənədə əsasən, Maliyyə Nazirliyinin 6 dekabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi Qaydası"nda nəzərdə tutulan əsas göstəricilər – maliyyə göstəriciləri, risk amilləri və əmlakın təyinatı sığorta haqlarının hesablanması zamanı bəzi hallarda vahid qaydada tətbiq olunmayıb.
Təhlil zamanı müəyyən edilib ki, bəzi təşkilatlar üzrə yüksək azadolma məbləği müəyyənləşdirilib. Bu isə sığorta hadisəsi baş verdiyi halda zərərin bir hissəsinin qarşılanmaması riskini yaradıb.
Qeyd olunub ki, icbari sığorta üzrə bərpa dəyərlərinin və sığorta haqlarının hesablanmasında metodoloji uyğunsuzluqların mövcudluğu, eləcə də yüksək azadolma məbləğlərinin tətbiqi dövlət əmlakının tam sığortalanmasını məhdudlaşdırıb.
Bu hal əmlakın qorunub saxlanılması, zərərin tam kompensasiyası və büdcə vəsaitlərindən səmərəli istifadə prinsiplərinə uyğun hesab edilməyib.