IMG-LOGO

Pezeşkianın ofisi internet məhdudiyyətlərinin səbəbini açıqlayıb

26 Apr 2026 19:14 2 baxış
IMG

İran Prezidenti Məsud Pezeşkianın ofisindən bildirilib ki, "İnternet Pro" və hazırkı məhdudiyyətlər tamamilə müvəqqətidir.

"Report" xəbər verir ki, bu barədə Prezident ofisinə istinadən "Fars" xəbər agentliyi məlumat yayıb.

"Kasta interneti" və ya "İnternet Pro" adlandırılan şəbəkələr ölkənin xüsusi şəraiti və hərbi vəziyyəti əsasında qəbul edilib, tamamilə müvəqqətidir", - məlumatda bildirilib və əlavə edilib ki, bu vəziyyət aradan qaldırıldıqdan sonra beynəlxalq internetə çıxış əvvəlkindən daha yaxşı keyfiyyətlə təmin ediləcək:

"Milli Təhlükəsizlik Ali Şurasının qərarı ilə həyata keçirilən "İnternet Pro" layihəsi qlobal internetə zəruri çıxış üçün sadəcə müvəqqəti bir üsuldur. Pezeşkian insanların beynəlxalq internetə çıxışının məhdudlaşdırılmasının qəti şəkildə əleyhinədir, lakin müharibə şəraitində ixtisaslaşmış qurumlar hesab edirlər ki, internetin açılması diqqət tələb edən risklərlə bağlıdır".

Qeyd edək ki, "Kasta interneti" İranın xarici internet şəbəkəsindən asılılığını azaltmaq və istifadəçilərin yalnız daxili resurslara girişini təmin etmək üçün yaratdığı özəl, daxili şəbəkə infrastrukturudur.

"İnternet Pro" İranda tətbiq edilən və cəmiyyət tərəfindən "sinfi internet" olaraq adlandırılan xüsusi bir internet sistemidir. Bu ödənişli xidmət, əsasən, biznes sahibləri, akademiklər və bəzi dövlət qurumları üçün nəzərdə tutulub.

Qeyd edək ki, İranda internet məhdudiyyətləri 2025-ci il dekabrın 28-də kütləvi etiraz və iğtişaşlara görə tətbiq olunub. Son etirazların müxtəlif ərazilərdə aprelə qədər davam etdiyi qeyd olunub. 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana hücumları başladığından bu məhdudiyyətlər aradan qaldırılmayıb.

Xatırladaq ki, ABŞ və İsrail 2026-cı il fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Xəbər lenti