IMG-LOGO

Kolumbiyada törədilən terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb

26 Apr 2026 21:59 3 baxış
IMG

Kolumbiyanın cənub-qərbindəki Kauka departamentindəki Panamerika şosesində baş vermiş partlayış nəticəsində qurbanların sayı 20 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə regionun qubernatoru Oktavio Qusman "X" sosial şəbəkəsində məlumat verib.

"Hazırkı vəziyyətə görə, rəsmi hesabatda mülki əhali arasında 20 nəfərin - 15 qadın və 5 kişinin həlak olduğu qeyd olunur, onların hamısı yetkinlik yaşına çatmış şəxslər idi. 36 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan üçü hələ də reanimasiyadadır", - deyə o bildirib.

Qusmanın sözlərinə görə, xəsarət almış beş uşağın vəziyyəti stabildir və onların həyatı üçün heç bir təhlükə yoxdur.

Departament rəhbərliyi həlak olanların xatirəsinə üç günlük matəm elan etmək qərarına gəlib. Hökumət şurası hazırda təhlükəsizlik tədbirləri hazırlayır, eləcə də qurbanların qohumlarına humanitar və psixoloji dəstəyin göstərilməsi qaydasını müəyyənləşdirir.

Qubernator həmçinin diqqətə çatdırıb ki, partlayış nəticəsində Panamerika şosesinin yol örtüyünə ciddi ziyan dəyib: hadisə yerində həcmi təxminən 200 kubmetr olan krater yaranıb. İlkin qiymətləndirmələrə görə, hərəkətin altı saat ərzində bərpa edilməsi planlaşdırılır.

Daha əvvəl Kolumbiyanın "Caracol" nəşri ölkənin hərbi komandanlığına istinadən məlumat vermişdi ki, silsilə terror hücumlarının arxasında "Xayme Martines" qruplaşması dayanır. O, buraxılmış "Kolumbiya İnqilabi Silahlı Qüvvələri" üsyançı təşkilatının keçmiş döyüşçülərindən formalaşıb ki, onlar da 2016-cı ildə hökumətlə imzalanmış sülh sazişini tanımaqdan imtina ediblər.

Xəbər lenti