Yaponiyada Özünümüdafiə Qüvvələri bölmələrinin Hörmüz boğazı bölgəsinə göndərilməsi ilə bağlı ictimai rəy, demək olar, yarıya bölünüb.
"Report" xəbər verir ki, bu məlumatlar yerli "Nikkei" nəşrinin təşkil etdiyi sosioloji tədqiqatın yekunlarına əsasən əldə edilib.
Sorğunun nəticələrinə görə, iştirakçıların 48 %-i belə bir qərarı bəyənir, respondentlərin 45 %-i isə bu təşəbbüsün əleyhinə çıxış edib.
Bununla yanaşı, 36 % hesab edir ki, hərbi qulluqçuları yalnız ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları dayandırıldıqdan sonra göndərmək yolveriləndir, 12 % isə bu addımı həmin əməliyyatlar başa çatmazdan əvvəl də dəstəkləməyə hazırdır.
Hakim Liberal Demokrat Partiyası Vaşinqton və Tehran arasında rəsmi atəşkəs sazişinin bağlanması şərti ilə Hörmüz boğazının minalardan təmizlənməsi əməliyyatlarını həyata keçirmək üçün Yaponiya donanmasının minatəmizləyən gəmilərinin göndərilməsi imkanının müzakirə edilməsi ideyasını dəstəkləyib. Bu tövsiyələr hökumət başçısı Sanae Takaiçiyə təqdim olunub. Mart ayında ABŞ Prezidenti Donald Trampla görüşü zamanı o, mövcud qanunvericilik məhdudiyyətlərinə işarə edərək hazırkı şəraitdə gəmilərin boğaz bölgəsinə göndərilməsi imkanını faktiki olaraq rədd edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Media yazıb ki, aprelin 27-də İslamabadda, İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi və bunu Ağ Ev də təsdiqləmişdi. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.