IMG-LOGO

Ən çox xəstəliklərə meyilli olan 5 pişik cinsi

27 Apr 2026 11:25 3 baxış
IMG
0 0

Heyvandarlar arasında uzun müddətdir ki, təmizqanlı ev heyvanlarının adi ev heyvanlarına nisbətən müxtəlif xəstəliklərə və patologiyalara daha çox həssas olduğuna dair geniş yayılmış bir inanc mövcuddur. Almatı baytarı Anastasiya Neçipurenko baytarların tez-tez müştərisi olduğu pişik cinslərini sadalayıb.

Lent.az bu 5 pişik cinsini təqdim edir:

Fars və ekzotik pişiklərdə yastı sifət quruluşu, yəni braxisefaliya səbəbindən nəfəs alma çətinliyi yarana bilir. Onların gözləri tez-tez yaşarır və infeksiyalara meyilli olur. Dişlərin sıx yerləşməsi isə diş əti iltihabına səbəb olur. Bu səbəbdən belə pişiklərə gündəlik göz baxımı və müntəzəm diş təmizliyi vacibdir.

Meyn-kun cinsi pişiklərdə ən çox rast gəlinən problemlərdən biri hipertrofik kardiomiopatiyadır ki, bu zaman ürək divarları qalınlaşır. Bundan əlavə, oynaqlarda displaziya və böyrəklərdə polikistik xəstəlik müşahidə oluna bilər. Bu səbəbdən onların mütəmadi olaraq ürək və oynaq müayinəsindən keçməsi tövsiyə edilir.

Şotland qatlanan qulaqlı pişiklərdə isə qulaqların xüsusi forması genetik mutasiya ilə bağlıdır. Bu mutasiya eyni zamanda qığırdaq və oynaqlarda problemlərə, yəni osteoxondrodiplaziyaya səbəb olur. Nəticədə oynaqlar deformasiyaya uğraya və quyruq elastikliyini itirə bilər. Bu xəstəlik tam müalicə olunmur və yalnız nəzarətdə saxlanılır.

Britaniya qısatüklü pişiklər zahirən sağlam görünsələr də, ürək xəstəliklərinə, xüsusilə hipertrofik kardiomiopatiyaya meyilli olurlar. Bundan əlavə, onlar piylənməyə genetik olaraq daha meyilli olduqları üçün diabet və artrit riski də artır. Bu səbəbdən onların çəkisinə və qidalanmasına ciddi nəzarət olunmalıdır.

Sfenks cinsində isə tük örtüyünün olmaması dərinin daha həssas olmasına səbəb olur. Onlarda tez-tez dermatit, ürək problemləri, həmçinin temperatur dəyişikliklərinə qarşı həssaslıq müşahidə edilir. Bu pişiklər qışda tez üşüyür, yayda isə günəş yanığı ala bilər. Buna görə də onlara xüsusi qulluq və diqqət lazımdır. Bu cinslərin xəstəliklərə daha meyilli olması onların saxlanılmaması demək deyil. Sadəcə olaraq, bu pişiklər digər cinslərə nisbətən daha çox qayğı, düzgün qidalanma və müntəzəm baytar nəzarəti tələb edir.

Heyvanlar heyvanlar aləmi pişiklər

Xəbər lenti