IMG-LOGO

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

28 Apr 2026 10:00 5 baxış
IMG

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə dair tələblərə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən əməliyyatların aparılması üçün yeni normalar əlavə edilir.

"Report" xəbər verir ki, bu barədə "Vətəndaşların müraciətləri haqqında" qanuna dəyişikliklərlər təklif edilir.

Bununla bağlı sənəd layihəsi parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, dəyişikliyə əsasən, müraciət edən şəxsin müraciətin cavablandırılması üsuluna dair seçimləri sırasına elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə cavablandırma əlavə edilir.

Həmçinin, müraciətin (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) EHİS üzərindən cavablandırılmasını istənildiyi halda müraciət edən şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) tələb ediləcək. Müraciətin elektron ünvan vasitəsilə cavablandırılması istənildiyi halda cavabın göndəriləcəyi elektron ünvan istəniləcək.

Sənədə əsasən, vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədlə müraciət etmək və ya müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatında, yaxud EHİS üzərindən elektron imza vasitəsilə qeydiyyatdan keçmək yolu ilə qəbula yazılırlar. Hər üç qaydada qəbula yazılmış vətəndaş qəbul günü şəxsiyyət vəsiqəsini, müraciət edən vətəndaşın adından qəbula onun nümayəndəsi gəldikdə isə onun səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidir.

Dəyişikliyə görə, elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatına daxil edilir, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir, yaxud EHİS üzərindən təqdim olunur.

Ümumilikdə, "Elektron hökumət" sahələrində fəaliyyətin daha səmərəli təşkili, dövlət idarəetməsinin optimallaşdırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də müvafiq sahələr üzrə təhlil aparılması, proqnoz və hesabatlar hazırlanması və onlar əsasında dövlət tənzimləməsini həyata keçirmək üçün zaman-zaman müvafiq normativ hüquqi aktlarda dəyişikliklər edilir.

Qanun layihəsində nəzərdə tutulan dəyişikliklər də bu məqsədə xidmət edir.

Xəbər lenti