IMG-LOGO

İran səfiri: "Regiondakı hərbi gərginlik turizm sektoruna ciddi təsir göstərib"

28 Apr 2026 12:34 3 baxış
IMG

Yaxın Şərq regionunda baş verən hərbi gərginlik turizm sektoruna ciddi mənfi təsir göstərib.

Bunu "Report"un Şuşaya ezam olunmuş müxbirinə açıqlamasında İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.

Onun sözlərinə görə, müharibə dövründə İranda 149 tarixi abidə zərər görüb, 5 muzeyə ciddi ziyan dəyib: "UNESCO səviyyəsində qeydiyyata alınmış bəzi ortaq irs nümunələri də zərər çəkib".

Səfir qeyd edib ki, təhlükəsizlik və sabitlik turizmin əsas şərtidir: "Müharibə başlayandan sonra uçuşlar dayanıb, turistlər səfərlərdən çəkinməyə başlayıb. Novruz bayramı dövründə region üzrə turist axını təxminən 50 % azalıb".

M.Dəmirçilu ölkəsinin turizm sektoruna dəymiş maliyyə zərərinin həcmi ilə bağlı konkret statistikanın olmadığını bildirib: "Bəzi tarixi abidələr var ki, onların dəyərini ölçmək mümkün deyil. Tehrandakı 250 ildən çox yaşı olan Gülüstan sarayı kimi obyektlər zərər görüb. Bu cür abidələrin bərpası bəzən mümkün olmur və uzun illər tələb edir. Ümumilikdə hərbi əməliyyatlar nəticəsində İran iqtisadiyyatına təxminən 270 milyard ABŞ dolları ziyan dəyib".

Xəbər lenti