Böyük Britaniyada bir kişi 48 il əvvəl tələbə qıza qarşı törətdiyi zorakılıq cinayətinə görə altı il həbs cəzasına məhkum edilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, cinayətkar 1977-ci il oktyabrın 2-də, Lids Universitetinə təhsil almaq üçün gələn 18 yaşlı qıza cəmi bir neçə saat sonra hücum edib. O, tələbənin otağının pəncərəsini sındıraraq içəri daxil olub, qıza qarşı zor tətbiq edib və kiminsə gəldiyini eşidəndə qaçıb. İstintaqçılar hadisə yerində cinayətkara aid bioloji nümunələr toplasalar da, onu təxminən 50 il ərzində tapa bilməyiblər.
İşdə dönüş nöqtəsi tapılan sübutlardan cinayətkarın DNT-sinin ayrılması ilə baş verib. Bu nümunə məlumat bazalarındakı DNT-lərlə uyğun gəlməsə də, orada onun yaxın qohumuna aid uyğunluq aşkar edilib. Nəticədə istintaq 66 yaşlı David Şarpı təqsirli bilib. Cinayət baş verən zaman onun 17 yaşı olub.
Aprelin 23-də David Şarp təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Ona zərərçəkmiş şəxsə yaxınlaşmaq ömürlük qadağan olunub və adı qeyri-müəyyən müddətə cinsi toxunulmazlığa qarşı cinayətlər törətmiş şəxslərin siyahısına daxil edilib.
Hakim bildirib ki, heç bir cəza Şarpın zərərçəkmişə və onun ailəsinə vurduğu psixoloji travmanı kompensasiya edə bilməz.
Hadisələr tələbə