Azərbaycan və Türkmənistan arasında qardaşlığa, qarşılıqlı hörmətə və strateji tərəfdaşlığa əsaslanan əməkdaşlıq möhkəmlənməyə davam edir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Türkmənistan xarici işlər naziri Rəşid Meredovun sədrliyi ilə keçirilən brifinqdə çıxışının yekunlarına dair "X" sosial şəbəkəsində bildirib.
Çıxış zamanı diplomat daimi bitərəflik kursu da daxil olmaqla, Türkmənistanın xarici siyasət prioritetlərini qeyd edib, həmçinin ölkənin beynəlxalq arenada konstruktiv rolunu vurğulayıb. 2026-cı ilin əvvəlindən baş tutan xarici səfərlər və görüşlər də daxil olmaqla, Türkmənistanın xarici siyasət fəaliyyətinin fəallaşdırılması məsələlərinə də toxunulub.
"Mən həmçinin qardaşlığa, qarşılıqlı hörmətə və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan və Türkmənistan arasında sıx əməkdaşlığın möhkəmləndiyini qeyd etdim", - o əlavə edib.