ABŞ İranın kölgə bank sistemində iştirak etməkdə ittiham olunan 35 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bu şəxslər və qurumlar sanksiyalardan yayınma, qanunsuz neft sövdələşmələri və İranın regiondakı fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı on milyardlarla dollarlıq vəsaitin dövriyyəsinə kömək ediblər.
Nazirlik bildirib ki, şəbəkələr İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da daxil olmaqla İran silahlı qüvvələrinə beynəlxalq maliyyə sisteminə daxil olmağa, qanunsuz neft satışı üçün ödənişləri qəbul etməyə, raketlər və digər silahlar üçün həssas komponentlər almağa və Tehranla müttəfiq olan qruplara vəsait köçürməyə imkan verib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi də xəbərdarlıq edib ki, Hörmüz boğazından keçmək üçün İran hökumətinə və ya SEPAH-a ödəniş edən şirkətlər ciddi sanksiyalarla üzləşə bilərlər.
"İranın kölgə bank sistemi onun ordusu üçün vacib maliyyə kanalı rolunu oynayır və qlobal ticarəti pozan və Yaxın Şərqdə zorakılığı qızışdıran fəaliyyətlərə imkan yaradır", - deyə ABŞ maliyyə naziri Skott Bessent bildirib